Seyfəli plovu niyə tanınmır?!

Yer Istanbul, Səmt Beyoğlu, Məkan Trabzon Kalkanoğlu Pilavcısı, Təyinat: Restoran
Menüdə sadəcə 3 başlıq atılıb
Plov, Fasulye,Kərə yağında qovrulmuş ət...
Dada gəlincə, şəhanə sadəcə şəhanə.
Müştərilərə gəlincə illərin, ayların, günlərin toplanmış köklü ziyarətçiləri...


Yer Şəmkir, kənd Seyfəli, Məkan deyil də məkanlar sadəcə kənd evləri, Təyinat: Xəyal Kafesi...
Evdə sadəcə evdə dadacağınız Seyfəli plovu.
Mövzuya gəlincə, Yerli təamların niyə brendləşməməsidir?

Öncə brendinq nədir deyə sorğulasaq,
Brendinq, kimlikdir, biznes kimliyidir. Nələr brendinq ola bilər? Məhsullar, şəxslər və dəyərlər. Məqsəd nədir brendinqdə?
Müştəriyə daha asan satış edə bilmək və də müqayisəli üstünlüyün şəffaflıqla üzə çıxması…
Məhsulumuz, restoranda satışda olacaq plovdur. Amma plov ümumi isimdir. Plov sadəcə düyü və aş qarasını özündə ehtiva edir. Bizim xüsusiləşdirmək istədiyimiz isə Seyfəli plovudur. Bu bir özbək aşı və ya tacik, nədəki döşəməli, biriləri üçün də sevilən noxudlu plov deyil. Bu Şəmkir rayonunun Seyfəli kəndinə özəl plov çeşididir.
Keçənlərdə Bakının göbəyində 50 qəpik deyilən yerdə, özbək plovunun necə satıldığının canlı şahidi oldum. Dahası maraqdan daddım. Dadlıdır, amma Seyfəli plovu da dadlıdır.
Özbəkistan sərhədlərindən aşıb günümüzdə minlərlə km-I arxada qoyan bu aş Azərbaycan insanı üçün könüldə taxt qurub. Bəs niyə üzərində durduğumuz plov çeşidi heç Qərb bölgəsindən 1 addım da irəli getməyib?
Istanbul, Beyoğlunda, Kalkanoğlu pilavcısı çox məşhurdur. Bilənlər bilir ki, tarixi də var. Osmanlı padişahının aşçıbaşından gələn gizli reseptə hazırlanır. Məhsul və tarixə dayalı dəyər cəmləşib, bu brendi yaradıb.Və ya Unkapanı pilavcısı. İnsan quyruğu gözdən yayınmır.

Bizim aşlarımız da eyni Kalkanoğlu kimi məşhur ola bilər. Olmalıdır da. Sahib olduğumuz təamlarımızı markalaşdıraq, həm ölkəmizdə həm ölkə xaricində…
Daimilik brendinqi yaradırsa, insanlar onu gücləndirər. Adımızı, logomuzu, simbolumuzu, imzamızı və ya bunların qarışığından brendimizi formalaşdıraq. Davamında əmtəə nişanımızı əldə edirik(legal protection). Nəhayət ki, texniki və hüquqi istiqamətləri ilə işimizi tamamlayırıq.
Dövrümüzdə brendin çox olması, yerli brendlərin güclü olması, sürətlə böyüməsi, ölkə tanıtımı, dəyər anlayışının genişləməsi, satışının dolayı gerçəkləşdirilməsi, sahibkarlığın cücərməsi, milli marketinqin ayaqda qalması deməkdir. Siyahını genişlətmək yetərincə mümkündür...

Sonda xatırladım ki, Seyfəli plovunun brendinə sahib olma və onun satışını təşkil etmə o demək deyil, sizin mütləq Seyfəlidən olmanız gərəkir. Himnimizin sözlərinin müəllifi olan Əhməd Cavad da Seyfəli kəndindən idi. Bugün onun sözlərini qələmə aldığı himnimizi 7-dən 77-yə hərkəs bilir...

Comments

Popular posts from this blog

Səksən yoxsa Həştad?

Tünd bənövşəyi haqqında

Bəzi sözlərin kimliyi və izahı